Rzayeva Aliyə Bayram qızı

rzayevaaliyeRzaeva Aliyə Bayram qızı 1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1989-2000-cu illərdə orta məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə Naxçıvan şəhərində keçirilən kimya üzrə viktorinalarda iştirak edib birinci və ikinci yerləri tutmuşdur. Həmin ildə NDU-nun “Təbiətşünaslıq və tibb” fakultəsinin Kimya ixtisasına daxil olmuş, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Institutda oxuduğu illərdə elmi tədbirlərdə fəal iştirak etmiş, “Tələbə Elmi Cəmiyyəti”ndə 1 il elmi katib, 2 il üzv kimi elmi fəaliyyət göstərmişdir. 2004-cü ildə Magistratura fakultəsinin “Fiziki-kimya” ixtisasına daxil olmuş, 2006-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasında böyük laborant kimi fəaliyyətə başlamışdır. 2006-cı ildə Kimya Problemləri İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi kimya) aspirantura şöbəsinə qiyabi daxil olmuşdur 2012-ci ilin noyabr ayında “Metal ionu (CuI, II, TlI, AgI, PbII, FeII, CdII, CoII, NiII) –In2S3 – su sistemlərindən tioindatların alınması və xassələri” mövzusunda dissertasiya işi müdafiə etmişdir və 2014-cü ilin 18 fevral tarixində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2006-2012-ci illər ərzində böyük laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində fəaliyyət göstərmişdir. 60-dan çox elmi əsəri o cümlədən 30-dan çox elmi əsəri xaricdə dərc olunmuşdur. Bir monoqrafiyanın, 3 patentin müəllifidir. 2 fevral 2013-cü ildə 2 fevral Gənclər günü Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı gənc alimi”, 7 mart 2014-cü ildə elm sahəsində səmərəli fəaliyyətimə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Diplom”a layiq görülmüşdür. 2015-ci ildən AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Elmi Şurasının və AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının üzvüdür. Hal-hazırda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasında böyük elmi işçi vəzifəsini daşıyır.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.