Məmmədov Elxan Qadir oğlu

elxanMəmmədov Elxan Qadir oğlu 09 may 1980-cı ildə Şərur rayonunun Yurdçu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsində, 2004-2007-ci illərdə həmin universitetin “Folkorşünaslıq və mifologiya” ixtisası üzrə magistarturasında təhsil almışdır. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində kiçik elmi işçi vəzifəsində işə başlamışdır. 2008-ci ildə AMEA Folklor İnstitutunun qiyabi ( məqsədli ) aspiranturasına daxil olmuşdur.
“Eynəli bəy Sultanovun folklorşünaslıq irsi” adlı disseertasiyanı bitirmiş, Ali Attestasiya Komissiyasının qərarı ilə müdafiəyə buraxılmışdır.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində elmi işçi vəzifəsində çalışır. Eyni zamanda 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
2011-ci ildən Türkiyənin İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun 1921-ci ildən nəşr olunan “Türkiyat mecmuası” elmi jurnalının Naxçıvan təmsilçisi, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının və Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir. 1 oğlu, 1 qızı var.