Təbii Ehtiyatlar İnstitutu

  - Ünvan: AZ 7000, Naxçıvan ş. H.Əliyev pr., 35Telefon: (994 136) 5446980E-mail:   ada.lap.res@mail.ru
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu

 

Direktor: Abbasov Əliəddin Dəyyan oğlu

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru

Elmi işlər üzrə direktor müavini: Rzayev Bayram Zülfüqar oğlu, kimya elmləri doktoru

Ümumi işlər üzrə direktor müavini: Xəlilov İlyas Ədalət oğlu

Təbii Ehtiyatlar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tаrixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elmi Mərkəzinin kimya profilli 3, fiziki tədqiqatlar laboratoriyaları və geologiya istiqamətləri nəzərə alınmaqla yaradılmışdır.

Əsas fəaliyyət istiqamətləri:

Muxtar Respublika ərazisindəki mövcud təbii sərvətlərin, hidroloji və landşaft şəraitinin öyrənilməsi, onların istehsalının ekoloji təsirləri, seysmoloji araşdırmalar, iqtisadi və sosial infrastrukturların yerləşmə qanunauyğunluqlarının öyrənilməsi.

Mineral xammalın kimyası və texnologiyası laboratoriyası: Laboratoriya Muxtar Respublikanın mineral xammalının kompleks emalının elmi əsaslarının işlənib hazırlanması, tiobirləşmələrin sintezi və onların nanohissəciklərinin alınması şəraitinin öyrənilməsi istiqamətində araşdırmalar aparır. Aparılan araşdırmalarla Gümüşlü, Parağa, Ağdərə yataqları filizlərindən tələb olunan kondisiyaya uyğun konsentratlar alınmış, onların tərkibindəki faydalı metalların qatılıqları fiziki-kimyəvi metodlarla müəyyənləşdirilmişdir. Eyni zamanda Darıdağ yatağından götürülmüş arsen və stibium filizlərinin də uyğun konsentratları alınmış və tərkib analizi gerçəkləşdirilmişdir.

Sorbsiya prosesləri laboratoriyası: Laboratoriya çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu vasitəsilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanması istiqamətində araşdırmalar aparır. Əsasən ABŞ, Fransa, Yaponiya və Almaniya istehsalı olan ionitlərlə mono- və polikomponentli məhlullardan uyğun ionit seçilməklə bir sıra ionların (borat-, gümüş, mis, cink, kadmium, kobalt, nikel, qurğuşun, germanat-, arsenat-) seçici ayrılmasının optimal şəraitləri müəyyənləşdirilmiş, prosesləri xarakterizə edən tarazlıq, kinetik və termodinamik parametrlər hesablanmışdır. Proseslərin nəzəri modellər əsasında dəyərləndirilməsi,  sorbsiyanın dinamikasına tənqidi baxışlar bu sahənin nüfuzlu mütəxəssislərinin diqqətini cəlb etmiş, səmərəli elmi polemikanın predmetinə səbəb olmuşdur. Alınan nəticələr bir sıra nüfuzlu Beynəlxalq konqres və konfranslarda məruzə edilmiş, bu tədbirlərin  materiallarında dərc olunmuşdur. Laboratoriyanın digər istiqaməti yerli seolit materialları əsasında istiliyə davamlı birləşmələrin sintezidir. Bu istiqamətdə aparılan araşdırmalar laboratoriya rəhbərinin doktorluq mövzusunun əsasını təşkil edir.

Kimya laboratoriyasının əməkdaşları müxtəlif mövzulu layihələrlə Azərbaycan Resrublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqələrində 3 dəfə qalib olmuşdur.

Fiziki tədqiqatlar laboratoriyası: Laboratoriyanın elmi istiqaməti yerli materiallar əsasında Günəş enerji çeviricilərində istifadə edilən birləşmələrin alınması və onların fiziki-kimyəvi parametrlərinin ölçülməsinə yönəldilib. Bu istiqamətlə yanaşı paralel olaraq bölgənin təbii şəraitindən faydalanmaqla bərpa olunan enerji mənbələrinin ehtiyatlarının hesablanması və bunlar əsasında qurğular təklif etməklə regionun enerji təminatına töhfə verəcək araşdırmalar da aparılır. Birinci istiqamətə uyğun olaraq bir sıra üçlü birləşmələr sintez edilmiş, onların zəruri fiziki-kimyəvi parametrləri ölçülmüşdür. Laboratoriyada əldə edilən mühüm uğur kimi kimyəvi çökdürmə yolu ilə yüksək keyfiyyətli PbS nazik təbəqəsinin alınmasını, “Nicolet İS-10″ spekrtofotometrində bu birləşmənin FTİR spektrinin çəkilməsini göstərmək olar. Bu istiqamətdə alınan nəticələr AMEA-nın 2014-cü ildə əldə etdiyi mühüm elmi nəticələr siyahısına daxil edilmişdir: PbS nazik təbəqəsinin spektroskopik ellipsometriya ölçmələri aparılmış, kompleks dielektrik funksiyasının həqiqi və xəyali hissələri üçün alınmış asılılıqlardan E-böhran enerji qiymətləri ilk dəfə “Graphical analysis” proqramı ilə təyin edilmiş və böhran nöqtələrinin tapılması üçün yeni metodika işlənmişdir. Fittinq prosesi gerçəkləşdirilərkən istifadə olunan çox mürəkkəb hesablamalar və alqoritmlərlə müqayisədə təklif olunan metodika hesablamaları xeyli asanlaşdırır.

İqtisadiyyat şöbəsi Muxtar Respublikanın sosial-iqtisadi məsələləri, ictimai-iqtisadi münasibətlər şəraitində regionda ənənəvi təsərrüfat sahələrinin bərpa və inkişaf etdirilməsinin səmərəli yolları istiqamətində araşdırmalar aparır. Aparılan araşdırmalar əsasən Muxtar Respublikada aqrar islahatlar və məşğulluğun qarşılıqlı əlaqəsi, eləcə də, əmək ehtiyatlarının öyrənilməsi və istifadəsinin təkmilləşdirilməsi yollarının axtarışına yönəldilib. Məşğulluq potensialının inkişafı prioritet istiqamətlər siyahısında saxlanmış, əmək potensialının formalaşması faktorları müəyyənləşdirilmişdir. Şöbənin iki əməkdaşından şöbə rəhbəri iqtisad üzrə fəlsəfə doktoru dissertasiya işini uğurla müdafiə etmiş, digər əməkdaşın müdafiəsinin isə yaxın aylarda gerçəkləşəcəyi gözlənilir.

Coğrafiya şöbəsi Muxtar Respublika ərazisinin coğrafi şəraitinin, iqliminin, hidroloji və landşaft xüsusiyyətlərinin, sosial infrastrukturun, istehsalın və əhalinin yerləşmə və təsnifat qanunauyğunluqlarının araşdırılması ilə məşğul olur. Bu şöbənin elmi istiqamətinə həm də təbii ehtiyatların potensiallarının qiymətləndirilməsi və onların istifadəsinin iqtisadi-coğrafi aspektlərinin dəyərləndirilməsi də daxildir. Ərazinin geomorfoloji quruluşunun, iqlimin, hidroloji amillərin, bitki komplekslərinin landşaft formalaşdırıcı əsas amillər kimi rollarının dəyərləndirilməsi, eyni zamanda ərazidə landşaftın ekomeliorativ qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar şöbənin əsas elmi araşdırmalarının özəyini təşkil edir. Şöbəyə rəhbərlik edən olmadığından, hər iki əməkdaşın zəhmətsevərliyini və entizuizazmını dəyərləndirməmək ədalətsizlik olardı.

İnstitut formalaşdırılarkən tərkibində “Filiz və qeyri-filiz yataqları”, “Hidrogeologiya və mineral sular”, “Avtomatlaşdırma və seysmologiya” laboratoriyalarının yaradılması nəzərdə tutulsa da, kadr olmaması səbəbindən adıçəkilən struktur vahidləri fəaliyyət göstərmir.

İnstitutun laboratoriya və şöbələrinə başçılıq edirlər:

“Mineral xammalın kimyası və texnologiyası” laboratoriyası – k.ü.f.d. Hüseynov Qorxmaz Mansur oğlu

“Sorbsiya prosesləri” laboratoriyası – k.ü.f.d. Məmmədova Günel Aslan qızı

“Fiziki tədqiqatlar” laboratoriyası – f.r.ü.f.d. Hüseynəliyev Məmməd Hüseynəli oğlu

“İqtisadiyyat” şöbəsi – i.ü.f.d. Qasımov Cavadxan Yusif oğlu

“Coğrafiya” şöbəsi – şöbə rəhbəri yoxdur.