«Heydər Əliyev lektoriyası»nın növbəti məşğələsi keçirilib.

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən «Heydər Əliyev lektoriyası»nın növbəti məşğələsi «Heydər Əliyev və azərbaycanlıların Ermənistandan deportasiya edilməsinə siyasi qiymət verilməsi» mövzusuna həsr olunub.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik Ismayıl Hacıyev açaraq keçirilən məşğələnin əhəmiyyətindən bəhs edib. Növbəti lektoriya ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunduğunu bildirərək ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi dövrün müəyyən məqamlarından, tarixi siyasətçinin dünya siyasətində aparıcı mövqeyindən danışıb.

Daha sonra ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələr, soyqırımlar, deportasiyalar haqqında tarixi faktların dili ilə dinləyicilərə çatdırıb.

Akademik çıxışında 1905-1907, 1918-1920-ci illərdə ermənilər tərəfindən soydaşlarımıza qarşı qanlı qırğınlar törədildiyindən söz açıb. Sovetlər Ittifaqına başçılıq edən Mixail Qorbaçovun məkrli siyasəti, Azərbaycanın o vaxtkı vəzifə sahiblərinin səhlənkarlığı üzündən 1988-ci ildə 200 mindən çox azərbaycanlının Qərbi Azərbaycandan-öz doğma torpaqlarından didərgin salınmasından, soydaşlarımızın amansızca qətlə yetirildiyindən bəhs edib.

I.Hacıyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığından sonra bu hadisələrə siyasi qiymətin verildiyini qeyd edib. Bildirib ki, ümummilli liderimiz 1997-ci ilin məhz bu ayında, yəni dekabr ayının 18-də «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» və 26 mart 1998-ci ildə «Azərbaycanlıların soyqırımı haqqında» imzaladığı fərmanlarla bu hadisələrə siyasi qiymət verildi.

Lektoriyada AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev «Heydər Əliyev və azərbaycanlıların Ermənistandan deportasiya edilməsinə siyasi qiymət verilməsi» mövzusunda məruzə edib. Məruzəçi mərhələ-mərhələ ermənilər tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən geniş danışıb. Natiq çıxışında Ermənilərin Azərbaycan torpaqlarını işğal etməklə kifayətlənməyərək Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıdaraq məhv edildiyinə də toxunub.

Tarix, Etnoqrafiya və Arxeologiya  Institutunun direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı Qadir Qədirzadə «Heydər Əliyevin bu hadisələrə əvvəlki baxışı və hakimiyyətdə olduğu illərdəki baxışı» mövzusunda çıxışı dinlənilib.

Sonda mövzu ilə bağlı məruzəçiyə verilən suallar ətraflı cavablandırılıb, eyni zamanda ermənilərin əzəli və əbədi Azərbaycan torpaqlarının işğal edərək viran qoyduğu yerlərin bəzilərinin foto şəkilləri video görüntü vastəsilə nümayiş olunub.