AMEA Naxçıvan Bölməsində soyqırım qurbanları anılıb.

Ötən gün xalqımızın tarixində qara səhifələrdən birini təşkil edən 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib.

«Azərbaycanlıların soyqırımı və deportasiyası: tarixi yaddaş və müasirlik» mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik Ismayıl Hacıyev açaraq ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən ətraflı danışıb.

Ulu öndər Heydər Əliyevin 1998-ci ilin 26 mart tarixində imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» xüsusi fərman ilə hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edildiyini, habelə soyqırım qurbanlarını anma tədbirlərinin keçirildiyini vurğulayan akademik çıxışında ermənilərin mənfur niyyətlərini həyata keçirmək üçün 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə ağla sığmaz formada azərbaycanlılara qarşı qanlı hadisələr  törətdiklərini,  soyqırımlar, deportasiyalar həyata keçirdiklərini bildirib.

Daha sonra müəssənin sədri cinayətkar erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi  çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanların əhəmiyyətindən bəhs edib.

Ermənilərin Azərbaycan torpaqları hesabına «böyük Ermənistan» yaratmaq xəyallarından əl çəkmədiklərini, qarşılarına qoyduqları məqsədə çatmaq üçün bu gün də milli-mədəni irsimizi özününküləşdirmək siyasətini davam etdirdiklərini qeyd edən akademik bu  soyqırım tarixini  gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində AMEA-nın Naxçıvan Bölməsinin  əməkdaşlarının da  öhtəsinə  düşən  vəzifələrdən  bəhs edib.

Sonra AMEA NB Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun direktoru, t.e.d., professor Hacıfəxrəddin Səfərlinin «Ermənilərin etnik təmizləmə siyasəti və azərbaycanlıların soyqırımı»,AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin «Azərbaycanlıların soyqırımı: erməni uydurmaları və tarixi həqiqətlər», t.e.n. Emin Şıxəliyevin «Ermənilərdə məzlumluq psixologiyası, onun ideoloji vasitəyə çevrilməsi və beynəlxalq siyasətdə yeri», AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin ««Erməni məsələsi» Azərbaycan xalqına qarşı yönəlmiş siyasətdir», həmin institutun elmi işçiləri Zakir Rzayevin «Erməni kilsəsi–azərbaycanlılara qarşı törədilən soyqırımların təşkilatçısı kimi» və Toğrul Xəlilovun «1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası ermənilərin etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi»mövzusunda məruzələri dinlənilib.