Naxçıvan Muxtar Respublikası–85: Tarix və müasirlik

Ölkə başçısı Ilham Əliyevin 6 fevral 2009-cu il tarixi sərəncamına uyğun olaraq ölkəmizin hər yerində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 85 illik yubileyi geniş şəkildə qeyd edilir.

Belə tədbirlərdən biri də AMEA Naxçıvan Bölməsinin Böyük Akt zalında keçirilib.

Elmi konfransı giriş sözüilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik Ismayıl Hacıyev dünya sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olan və Azərbaycanın qədim tarixini, mədəniyyətini özündə yaşadan Naxçıvan Muxtar Respublikasının yaradılmasından, Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etməsindən ətraflı bəhs edərək çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanıldığını, Naxçıvanın statusu qazanması bu bölgədə 1918-1921-ci illərdə cəryan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, regionun geosiyasi vəziyyətinin və bəzi beynəlxalq müqavilələrin sayəsində olduğunu qeyd edib.

Daha sonra akademik Ismayıl Hacıyevin «Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik» mövzusunda məruzəsi dinlənilib.

XX yüzilliyin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan üçün çətin inkişaf dövrü olmasından bəhs edən məruzəçi çıxışında Naxçıvan bölgəsində ikihakimiyyətlilik meydana gəlməsindən, bir sıra iri kapitalist dövlətlərin yaranmış mürəkkəb vəziyyətdən istifadə etməsindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhtlərin göstərilməsindən, milli burjuaziyanın və demokratik ziyallıların təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılmasından ətraflı danışıb. Natiq qeyd edib ki, bu şura yalnız Naxçıvanda deyil, eləcə də Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları ermənilərin silahlı quldur basqınlarından qorumuşdu. Erməni daşnaqları bu bölgəni «Böyük Ermənistan»a qatmaq üçün fasiləsiz basqınlar edirlər, lakin istər Azərbaycan Demokratik Respublikasının mövcud olduğu illərdə, istərsə də ondan sonrakı dövrlərdə Naxçıvan diyarının əhalisi bütün bunlara mərdliklə sinə gərmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgə uğurunda mubarizə aparmışlar.

Müəssisənin sədri erməni silahlı quldur dəstələrinin bölgədə dinc azərbaycanlı əhaliyə divan tutduqlarını, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vastəyə əl atdıqlarını, Naxçıvanın ən yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə şayiələr yaydıqlarını, 1919-cu ildə regionda Ingiltərənin və ABŞ-ın rolu artdığını, bundan istifadə edən ermənilərin Naxçıvan ərazisinə sahib olmaq arzusunun daha fəallaşdığını, Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə müəyyən uğurlarla yanaşı, səhvlərə də yol verdiyini bildirib. Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri, qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı planlarını alt-üst etdi. Naxçıvan diyarının muxtariyyət statusu məsələsində N.Nərmanovun prinsipal mövqeyi, onun adından B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar Moskvanın Naxçıvan məsələsinə münasibətini dəyişməsinə və nəticə ehtibarilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə təsir etmişdir. Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırdı. Bu müqavilələr beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit etmişdi. Naxçıvanın Muxtar Respublika statusu bu bölgənin sonrakı tarixi taleyində onun ərazisinin qorunub saxlanılması və təhlükəsizliyində çox böyük rol oynayıb.

Elmi konfranda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik Isa Həbibbəyli «Nuhçıxan-Naxçıvan» mövzusunda məruzə edib.

Apardığımız araşdırmalar Naxçıvan şəhərinin 5000 (beş min) il yaşı olduğunu ehtimal etməyə əsas verir,-deyən məruzəçi məsələyə bir qədər aydınlıq gətirərək müxtəlif mənbələrdə Naxçıvan şəhərinin adı Nuhçıxan, Nuhdaban, Nəqşicahan və digər adlara rast gəlindiyini dilə gətirib. Məruzəçinin fikirincə Nuhçıxan Nuhun gəlib çatdığı yer, Nuhun, övladlarının burdan çıxdığı yer, və ya Nuhdaban Nuh peyğəmbərin ayağının dəydiyi yer, məkan mənasını ifadə edir. Avropayönlü, ərəb-fars mənşəli sözlərə, ifadələrə  istinad etməkdənsə yerli mənbələrə müraciət etməyi daha məqsədə uyğun olduğunu düşünən akademik bundan sonra daha ciddi araşdırma aparmağı və bu cəhətdən tarix, arxeologiya, etnoqrafiya, folklor, epiqrafika və mirfologiya etimologiya, coğrafiya kimi elm sahələrinin imkanlarından istifadə etəmyin faydalı olduğunu önə sürüb. Naxçıvanın yaranması və mövcudluğu haqqında yetərincə tədqiqat materialların olduğunu bildirən natiq bütün bunlarla bağlı AMEA-nın müxbir üzvü, t.e.d. Hacı Qadir Qədirzadənin «Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» monoqrafiyasını yüksək dəyərləndirib.

Naxçıvan şəhərinin yaşını müəyyən edərkən, müxtəlif elm sahələrinin əldə etdiyi qənaətlərdən çıxış etmək, məsələyə kompleks münasibət sayəsində problemin həllinə səy göstərmək daha əhəmiyyətli elmi nəticələrə gəlməyə kömək edə biləcəyini düşünən alim bundan sonra tədqiqatlarını bu yöndə davam etdirəcəyini bildirib.

«Muxtariyyət dövründə Naxçıvanda epiqrafik tədqiqatlar» mövzusunda məruzə edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun direktoru, t.e.d., professorHacıfəxrəddin Səfərli isə muxtariyyət dövründə Naxçıvanda epiqrafik tədqiqatlardan ətraflı danışıb.

Məruzəçi daş dövründən başlayaraq insanların məskunlaşdığı Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək müxtəlif tip arxoloji abidələr, etnoqrafik, numizmatik, antropoloji və digər materiallarla yanaşı çoxlu sayda müsəlman epiqrafikası abidələrinin gəlib çatmasından bəhs edib. Məruzəçi müsəlman epiqrafikası abidələri zaman keçdikcə bir qismi baş verən təbii fəlakətlərdən, müharibələr, yanğınlar nəticəsində məhf olduğunu, bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq sıradan çıxdığını, müəyyən bir qurupu isə tamamilə salamat, yaxud orta və yaxşı vəziyyətdə təhrif olunmadan günümüzədək gəlib çatdığını bildirib. Natiq çıxışında islamın yayıldığı zamanlardan meydana gələn müsəlman epiqrafikası abidələri Naxçıvanın ayrı-ayrı bölgələrində müxtəlif səviyyədə yayıldığını, anacaq müsəlman epiqrafikası abidəlrinin zənginliyi cəhətdən Ordubad şəhərinin xüsusilə seçildiyini, bu baxımdan Ordubad şəhəri nəinki Naxçıvanda, hətta bütün Azərbaycanda birinci yerlərdən birini tutduğunu qeyd edərək bölgənin tarix və mədəniyyətinin ayrı-ayrı məsələlərini o cümlədən epiqrafik abidələrin tədqiqinin öyrənilməsinin vacibliyini bildirib.

Məlumat üçün onu da qeyd edək ki, elmi konfransın bölmə iclasları günün ikinci yarısında davam etdirilib. «Naxçıvan tarixi», «Naxçıvan Arxeologiyası və Etnoqrafiyası», «Naxçıvanda ədəbi mühit və dil», «Naxçıvan folkloru və mədəniyyəti», «Naxçıvanın təbii sərvətləri, biomüxtəlifliyi və iqtisadiyyatı» mövzularına həsr olunmuş bölmə iclaslarında 40 yaxın məruzə dinlənilib. Müstəqillik illərində muxtar respublikanın uğurlu naliyyətlərindən bəhs olunan video görüntü nümayiş olunub.