Türk Akademiyasının şöbə müdiri və “Türk Almanaxı” məcmuəsinin redaktoru AMEA Naxçıvan Bölməsində olub.

“Türk Akademiyasının yaradılması – Türkdilli dövlətlərinin Naxçıvan sammitinin qərarlarının həyata keçirilməsində böyük addımı” mövzusunda keçirilən beynəlxalq tədbirə qatılmaq üçün Naxçıvana gəlmiş Astana şəhərindəki (Qazaxıstan) Türk Dünyası Beynəlxalq Akademiyasının şöbə müdiri, Qazaxıstan Yazıçılar İttifaqının üzvü, prof. Kunıpiya Aplısbayev və “Türk almanaxı” məcmuəsinin redaktoru Kayırbek Kemenqer AMEA Naxçıvan Bölməsində olublar.

Qonaqları salamlayan bölmənin sədri, akademik İsmayıl Hacıyev onları AMEA Naxçıvan Bölməsində görməkdən şad olduğunu söyləyib, Naxçıvanın tarixi barədə ətraflı məlumat verib. O, bölmənin müxtəlif institutlarında aparılan elmi-tədqiqat işlərində dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın bütün sahələri barədə dəyərli araşdırmaların aparıldığını, alimlər tərəfindən regionun tarixinin, mədəniyyətinin beynəlxalq səviyyədə tədqiq olunduğunu, öyrənildiyini və təbliğ edildiyini xüsusi vurğulayıb.

Türk Dünyası Beynəlxalq Akademiyasının prezidenti Ş.İbraevin elm sahəsindəki səmərəli xidmətləri, habelə tədqiqat müəssisələri arasındakı elmi əlaqələrin inkişafında müvəffəqiyyətli elmi nailiyyətləri, türk xalqlarının inkişafı və birliyi işindəki fəaliyyətin əks etdirən minnətdarlıq məktubunu akademik İsmayıl Hacıyevə təqdim ediblər. Gələcəkdə müəssisələr arasında qarşılıqlı əməkdaşlıq və əlaqə yaratmaq arzusunda olduqlarını söyləyən qonaqlar “Türk antologiyası” və “Türk almanaxı” məcmuəsini bölməyə hədiyyə ediblər.

Görüş çərçivəsində iki cildlik “Naхçıvan ensiklоpediyası”, “Naхçıvan abidələri” ensiklоpediyası (Azərbaycan və ingilis dillərində, 2008), bölmənin “Tusi” nəşriyyatında nəşr olunan “Xəbərlər” jurnalı qonaqlara hədiyyə olunub.

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında keçirilmiş türk dövlətləri başçılarının sammitində qəbul edilmiş mühüm sənədlərdən biri də Qazaxıstan Respublikasnın paytaxtı Astana şəhərində Türk Dünyası Akademiyasının yaradılması qərarı olmuşdur. Əsasən 2010-cu ilin noyabr ayından rəsmi fəaliyyətə başlayan Türk Dünyası Beynəlxalq Akademiyasının qarşısında duran əsas vəzifə türk dünyasında tarix, dil və ədəbiyyat sahəsində yerinə yetirilən elmi-tədqiqat işlərini əlaqələndirmək, onların nəşrini həyata keçirmək, vaxtaşırı aparılan tədqiqatlara yekun vurmaq üçün beynəlxalq elmi məclislər təşkil etmək, türk xalqlarının mədəniyyət və incəsənətini təbliğ etmək, habelə türkologiya sahəsində fərqlənən elm xadimlərini mükafatlandırmaq istiqamətində işlər aparmaqdan ibarətdir.