Həmyerlilərimiz Sarıqamış şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak ediblər.

Bu günlərdə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşı Türkiyənin Sarıqamış şəhərində keçirilən “Uluslararası Sarıqamış Beynəlxalq simpoziumu”nda iştirak ediblər.

Üç gün davam edən Beynəlxalq simpoziuma müxtəlif ölkələrin elm adamlarının tarix, arxeologiya, folklor, ədəbiyyat sahəsindəki apardıqları tədqiqatlar və araşdırmaları ilə bağlı məruzələri dinlənilib.  Məruzələrdə əsasən I Dünya müharibəsi illərindəki Sarıqamış hadisələrinin tarixə, ədəbiyyata, şifahi xalq ədəbiyyatına təsirindən ətraflı bəhs edilib. Eyni zamanda rus imperiyasının bölgədəki imperialist siyasətinə toxunulmuş, ermənilərin I Dünya müharibəsi illərində və ondan sonrakı dövrlərdə törətdiyi qırğınlardan danışılıb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Oğlanqala şərərində arxeoloji araşdırmaların nəticələri”, həmin institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzv Hacı Qadir Qədirzadənin “Ermənilərin Naxçıvana köçürülməsi və Osmanlı bəlgələrində erməni zülmü”, elmi işçi Elnur Kəlbizadənin “Osmanlı dövlətinin xarici siyasətində Naxçıvan(1918)” mövzusunda məruzələri simpozium iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb, eyni zamanda məruzələr ətrafında ciddi müzakirələr aparılıb.

V.Baxşəliyev məruzəsində Oğlanqalada şəhər dövlətində aparılmış tədqiqatların yekunları haqqında ətraflı məlumat vermiş, Dəmir dövründə  Naxçıvanda Urartu dövlətinə qarşı mübarizə aparan şəhər dövlətinin varlığını faktlarla əsaslandırmışdır. Eyni zamanda qeyd edilmişdir ki, bu dövlətin özünəməxsus yazı və hesab sistemi olmuş və bu dövlət Yaxın Şərqin o dövrkü siyasi tarixində mühüm rol oynamışdır.

Məlumat üçün onu da qeyd edək ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Fоlklоrşünaslıq və Ədəbiyyatşünaslıq şöbəsinin iki əməkdaşı da iştirak edib.

Beynəlxalq simpoziumun sonuncu günü elm adamları Sarıqamış şəhərin tarixi mədəniyyətini əks etdirən nümunələr ilə yaxından tanış olmuşlar.