AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda tədqiqata cəlb edilən “Böyük Qarabaddin” adlı əlyazmanın tibbə aid olduğu müəyyən edilib.

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim kitabların toplanılması zamanı ötən il Şahbuz rayon ərazisindən “Böyük Qarabaddin” adlı əlyazma əldə edilmişdir. İlkin araşdırma zamanı müqəddimə hissəsində göstərilən məlumatdan əsərin müəllifinin Əzəm xan olduğu və Məhəmməd Əbdul Rəhman xan tərəfindən tərtib olunduğu müəyyən edilmişdir. Tədqiqata cəlb olunan nüxsə bu günlərdə dəqiq araşdırmalardan sonra tibbə aid olduğu müəyyən edilib.

Nüxsə fars dilində nəstəliq xətt ilə hicri qəbər 1302-ci (miladi1880-cı)  ildə üzü köçürülüb. 416 səhifəni əhatə edən 24 fəsildən və 61 bölmədən ibarət olan nüsxənin mətn yazılı hissəsi 24.5 x 16 sm, vərəqin 31.5 x 20.5 sm, hər vərəqdə sətrin ümumi sayı isə 25-ə bərabərdir.

Əldə olunan nüsxə iki hissədən ibarətdir. Birinci hissə nüxsənin əsas hissəsi, ikinci hissədə isə xülasəsi verilib. Əsərin sonunda verilən cədvəl şəkilli xülasənin (395-səhifədən 415 səhifəyədək) Fazil Naxçıvani tərəfindən işləndiyi müəyyən olunmuşdur. Əsərin 416-cı, son səhifəsində isə köçürülmə tarixi göstərilmişdir. Onu da qeyd edək ki, müxtəlif qaynaqlarda Fazil Naxçıvani müəllif, katib və ya şərhçi kimi qeydlərə rastlansa da amma Fazil Naxçıvaninin həyatı və yaradıcılığı haqqında əldə olan qaynaqlardan tam məlumat əldə etmək mümkün olmamışdır. Yalnız onu demək mümkündür ki, Məhəmməd Tərbiyyəti “Daneşməndən Azərbaycan” (“Azərbaycanlı alimlər”) adlı əsərində Fazil Naxçıvani haqqında çox kiçik həcimdə bilgi verərək bir sıra əsərlərə haşiyə və xülasə yazdığını göstərir.

Əlyazmalar Fondunda “Böyük Qarabaddin” adlı əlyazmanın tədqiqatı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.