“Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması işləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması 6 avqust 2012-ci il tarixli sərəncamından sonra AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin tarixçi alimləri sözügedən çoxcildliyinin hazırlanmasına cəlb olunublar.

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin təşkil etdiyi iclaslarda çoxcildliyin hazırlanmasına cəlb olunmuş sahə mütəxəssisləri ilə birgə müzakirələr aparılmış, az bir zamandabir sıra işlər görülmüşdür. Belə ki, “Naxçıvan tarixi” çoxcildliyinin strukturu və planı hazırlanmış, redaksiya heyəti və müəlliflər qrupu təsdiq olunmuş, çoxcildliyə daxil ediləcək əlavələr – şəkillər, xəritələr, illüstrativ materiallar, sxemlər, cədvəllər müəyyənləşdirilmiş və bununla əlaqədar İşçi Qrupuna tapşırıqlar verilmişdir.

Qeyd edək ki, “Naxçıvan tarixi” çoxcildliyində Naxçıvan tarixinin ən qədim dövrdən başlayaraq günümüzədək olan bütün mərhələləri xronoloji ardıcıllıqla veriləcək. Girişdən, 17 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq çoxcildliyin birinci cildi qədim dövrlərdən XVIII əsrin ortalarınadək, ikinci cildi XVIII əsrin ortalarından XX əsrin 30-cu illərinin sonunadək, üçüncü cildi isə İkinci Dünya müharibəsindən günümüzədək olan dövrü əhatə edəcəkdir.

Bu ilin sоnuna kimi nəşr еdilməsi nəzərdə tutulan “Naxçıvan tarixi”nin birinci cildində-girişdə Naxçıvanın ərazisi, fəsil və paraqrafların müəllifləri, Naxçıvanın təbii-coğrafi şəraiti, məskunlaşması, əhalisi və Naxçıvan adının mənşəyi öz əksini tapacaqdır. “Naxçıvan qədim dövrdə”, “Naxçıvan e.ə IX – b.e II əsrlərində”, “Naxçıvan erkən orta əsrlər dövründə”, “Naxçıvan X-XIII əsrin I rübündə”, “Naxçıvan XIII-XV əsrlərdə” və “Naxçıvan Səfəvilər dövründə” başlıqlı fəsillərdə Naxçıvanın ən qədim dövrlərindən XVIII əsrin ortalarınadək olan dövr barədə ətraflı məlumat vеriləcək.

İkinci cilddə “Naxçıvan xanlıqlar dövründə”, “Naxçıvanın Rusiya tərəfindən işğalı”, “Naxçıvan XIX əsrdə”, “Naxçıvan XX əsrin əvvəllərində”, “Naxçıvan XX əsrin 20-30-cu illərində”,üçüncü cilddə isə “Naxçıvan II Dünya müharibəsi dövründə”, “Naxçıvan müharibədən sonrakı bərpa dövründə və 50-60-cı illərdə”, “Naxçıvan 70-80-cı illərdə”, “Naxçıvanda müstəqillik uğrunda mübarizə (1988-1990-cı illər)”, “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)” və “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2013)” adlı fəsillərdə xronoloji ardıcıllıqla müəyyən dövrləşmə gözlənilməklə geniş oxucu kütləsinə təqdim ediləcəkdir.

Çoxcildliyin hazırlanmasına 30 müəllif cəlb olunub. Bu müəlliflərin də 14-ü I cilddin yazılmasında yaxından iştirak  edir. I cildinin hazırlanması ilə yanaşı, ikinci və üçüncü cildin 2014-2015-ci illərdə nəşr edilməsi istiqamətində işlər də davam etdirilir.