“Naxçıvan tarixi” çoxcildliyi nəşrə hazırlanır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin nəşrə hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar İşçi qrupunun növbəti müzakirəsi keçirilib. Naxçıvan Muxtar Respublika Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovun iştirakı ilə keçirilən tədbirdə bölmənin sədri akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması haqqında 6 avqust 2012-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar ötən dövr ərzində bir sıra işlər görülüb, artıq sözügedən çoxcildliyin I cildi üzərində işlər tamamlanmaq üzrədir. Akademik bildirib ki, bölmənin və Naxçıvan Dövlət Universitetinin sahə mütəxəssisləri ilə birgə çoxcildliyin strukturu və planı hazırlanmış, 15 müəllifin cəlb olunduğu qrup tərəfindən fəsillər üzrə xronoloji ardıcıllıqla məqalələr toplanılmış, daxil ediləcək əlavələr – şəkillər, xəritələr, illüstrativ materiallar, sxemlər, cədvəllər müəyyənləşdirilmişdir. Qeyd olunub ki, bu il nəşr еdilməsi nəzərdə tutulan I cilddə Naxçıvanın ərazisi, fəsil və paraqrafların müəllifləri, Naxçıvanın təbii-coğrafi şəraiti, məskunlaşması, əhalisi və Naxçıvan adının mənşəyi öz əksini tapacaqdır. Ən qədim dövrlərdən XVIII əsrin ortalarınadək olan xronoloji çərçivəni əhatə edəcək altı fəsildən ibarət olan I cilddə 12-ə qədər xəritə, 80-ə yaxın illüstrativ materiallar veriləcək.

Tədbirdə çıxış edən Əli Həsənov “Naxçıvan tarixi” çoxcildliyinin yüksək səviyyədə hazırlanması və nəşrindən danışaraq materiallarda elmi prinsiplərin gözlənilməsinin, yazılış formasının, mənbə və ədəbiyyatlardan istifadə qaydalarının, eyni zamanda mövzu ilə bağlı məqalələrin elmi şəkildə dəqiqliklə işlənilməsinin vacibliyini vurğulayıb.

Ə.Həsənov “Naxçıvan tarixi” çoxcildliyinə daxil ediləcək şəkillərin, xəritələrin yeni nəşrin elmi dəyərini daha da artıracağını bildirib.

Tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun direktоru prоfessоr Fəxrəddin Səfərli çıxış edərək çoxcildliyin əhəmiyyətindən söz açıb.