Elmin İnkişafı Fondu növbəti regional məsləhət seminarını Naxçıvanda keçirmişdir.

Seminarda AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Müəllimlər İnstitutunun, Özəl Universitetin və digər qurumların əməkdaşları iştirak etmişlər.

Seminarı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevtədbirin əhəmiyyətindən söhbət açmış, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdiyini qeyd etmiş, bu istiqamətdə əldə olunmuş nailiyyətlərdən danışmışdır. Regionun bütün sahələrdə potensialının daha da artdığını qeyd etmişdir.

“Elmin qrantlar yolu ilə maliyyəşdirilməsinin hüquqi aspektləri” məruzəsi ilə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev davamlı inkişaf edən ölkəmizdə dövlət tərəfindən elmə diqqətin artırılmasından danışmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızın regional elmi mərkəzə çevriləcəyi ilə bağlı etdiyi çağırışlardan bəhs edən E.Babayev bunun üçün alim və mütəxəssislərin, elmin inkişafına xidmət edən bütün qurumların daha effektiv və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır.

Çıxış edən natiqlər seminarda fondun qrant müsabiqələri, iştirak şərtləri, elmi prioritetlər, qrant üçün ərizə və sənədlərin tərtibatı qaydaları haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, fond əsasən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin üstünlük təşkil etdiyi klassik qrant müsabiqələri ilə yanaşı, “Gənc Alim və Mütəxəssislərin qrant müsabiqəsi”, “Şuşa qrantı”, “Mobillik qrantı”, “İKT qrantı” müsabiqələrini də keçirir. Böyük maliyyə həcmli pilot layihələri isə elmin müxtəlif sahə və istiqamətlərinin maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun yenilənməsini, xaricdə aparıcı təşkilatlarda milli kadr hazırlığının EİF tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.

Tədbirdə fondun fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilmiş, seminar iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

Qeyd edək ki, EİF indiyədək Naxçıvan regionundan kimya, astrofizika, biologiya, Yer haqqında elmlər, humanitar və ictimai elm sahələri üzrə bir sıra qrant layihələrini maliyyələşdirmişdir. Bundan sonra da səyyar seminarların regionlarda müntəzəm olaraq keçirilməsini nəzərdə tutur.