Həmyerlimizin Almaniyada kitabı nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədovanın “Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri” kitabı bu günlərdə işıq üzü görüb.

Almaniyanın Sarrbrüchen şəhərində rus dilində nəşr olunan kitab Mg-tərkibli mürəkkəb alümosilikatların – kaolinit, antiqorit, dolomit və obsidianın termiki və hidrotermal çevrilmələrinin rentgenfaza, termoqravimetrik və rentgenspektral analiz metodları ilə tədqiqindən bəhs olunur.

Nəşrdə qeyri-üzvi maddələrin kristallaşma prosesinin tədqiqinin əsas məqsədi əvvəlcədən müəyyən olunmuş quruluşda və tərkibdə materialların alınması və qeyd edilən metodlar alümosilikatların texnoloji xüsusiyyətlərini müəyyən etməyə imkan yaratdığı ətraflı şəkildə işıqlandırılır. Göstərilir ki, alınmış termiki çevrilmələrin məhsulları yüksəktemperatura davamlı istilikizolyasiya materialları kimi istifadə oluna bilər.

Həmçinin kitabda mürəkkəb alümosilikatlardan seolitlərin sintezindən də bəhs olunur. Qeyd olunur ki, seolitlər müxtəlif maddələrin hissəciklərini udmaq və öz quruluşunda daimi saxlamaq xüsusiyyətinə malik nadir təbii minerallardır. Karkası tetraedr quruluşlu qələvi və qələvi torpaq metallarının sulu alümosilikatları olan və tərkibindəki boşluqları su molekulları və kationlarla tutulmuş minerallar seolitlərə aiddirlər. Onların quruluşunda bu mineralın ümumi çəkisinin 50%-ni təşkil edən boşluq və kanalların mövcud olması seolitlərin əsas xüsusiyyətidir, bu isə mineralların xüsusi xassələrini müəyyən edir və seolitin bir sorbent kimi dəyərini müəyyənləşdirir. Seolitlər ion-mübadilə xassələri göstərir ki, onlar qələvi, qələvi torpaq, ağır və bir sıra əlvan metalların böyük kationlarının ayrılması üçün istifadə oluna bilər.

Müəllifin fikrincə seolitlərin tətbiq sahəsi nə qədər geniş olsa da, hazırda, təbiətin insana bəxş etdiyi bu unikal materialın öyrənilməsində yalnız ilk addımlar atılmışdır, onların fiziki-kimyəvi xassələrinin dərindən öyrənilməsi bu maraqlı təbiət nümunələrinin tətbiqinə geniş yollar açar. “Seolitlər, təəssüf ki, bizim ölkədə az istifadə olunan təbii mineraldır. Onun sənayedə istifadəsi dövlətimizə və bizim gələcək həyatımıza müsbət təsir edə bilər”.

Yeni nəşrdə həmçinin ilkin reaksiya materialları və ilkin, aralıq və son məhsulların tədqiq metodları haqqında da qısa məlumat verilmişdir.

Məlumat üçün onu da qeyd edək ki, tədqiqatın ilkin mineralları Azərbaycan və Naxçıvan Muxtar Respublikasından götürülmüşdür.