Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” adlı monoqrafiya işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev və həmin institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayevin“Naхçıvan Muхtar Rеspublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri” adlı monoqrafiyası çapdan çıxmışdır.

Naхçıvan Muхtar Rеspublikasının filiz, qeyri-filiz və inşaat materiallarının kimyası və texnologiyasına, onlardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunan birləşmələrin alınmasına həsr olunmuş nəşrin elmi redaktorları Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əli Nuriyev, kimya elmləri doktoru Əliəddin Abbasov, rəyçilər isə kimya elmləri doktoru, prof. Yasin Babayev, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovadır.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış monoqrafiya müqəddimə, 25 fəsil və ədəbiyyat siyahısından ibarətdir. Hər fəsil bir mövzunu, regionun təbii sərvətlərinin geoloji, kimyəvi və iqtisadi tədqiqi istiqamətində aparılan müxtəlif elmi-tədqiqat işlərinin nəticələrini əhatə edir.

Yeni nəşrdə muxtar respublikanın zəngin yeraltı sərvətlərinin dəyərliliyi, onlardan yataq əmələgətirən vacib hesab edilən bəzi filiz, qeyri-filiz və inşaat materialları əsasında alına bilən məhsullar, uzun illər istismar olunmuş mədənlərdən yığılıb qalan tullantıların yenidən işlənməsi və eləcə də yerli mineral xammallar əsasında işlənib hazırlanmış texnologiya üzrə alınan məhsulların perspektivliyi haqqında məlumatlar öz əksini tapıb.

“Təbii sərvətlərə təlabatın müasir vəziyyəti” adlı birinci fəsildə muxtar respublika ərazisindəki təbii sərvətlərdən, o cümlədən də mineral xammalların ixracından, kəşf edilmiş və istismar olunmuş əlvan filiz yataqlarının istismarından, eyni zamanda təbii sərvətlərin iqtisadi qiymətləndirilməsindən, habelə Azərbaycanda qara və əlvan metallurgiyadan, qeyri-filiz xammalı və tikinti materiallarından söhbət açılır. Sonrakı fəsillərdə isə Naxçıvanın ən qiymətli mineral sərvəti olan daş duzdan, darıdağ termal suyundan, Biləv zəy süxurları və mineral boya xammallarından, qurğuşun filizi yataqlarından, mis polimetallik filizlərdən, kalsium karbonatlı süxurlardan bəhs olunur. Qum-çınqıl qarışığı və tikinti qumuna, gil minerallarına, şüşə sənayesi üçün mineral xammallara, sement istehsalı üçün xammallara, qızıl filiz yataqları və təzahürlərinə, alümininum filizlərinə, habelə fosforitlər və yanar faydalı qazıntılara, volfram, dəmir və manqan filizlərinə, Darıdağ sürmə filizi yatağına və digər yataqlara nəzər salınır.

Yeni nəşr Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərini daha dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir.