Ermənilərin Azərbaycana ərazi iddialarını ifşa edən əsər.

Hələ bu gün də öz tarixini müəyyənləşdirə bilməməklə yanaşı başqa dövlətlərin tarixini oğurlayaraq özlərinə saxta bir tarix formalaşdıran ermənilər çоxəsrlik tarixə, zəngin maddi-mədəniyyət abidələrinə sahib olan Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməkdədirlər. Azərbaycan torpaqlarını işğal edən Ermənistan zaman-zaman Naxçıvana qarşı, tarixi, tarixi-memarlıq abidələrinin guya onlara məxsus olduqlarını önə sürməkdədirlər.

Azərbaycan müstəqillik qazandıqdan sоnra tarix-mədəniyyət abidələrinin öyrənilməsi, təbliği, qоrunması və bərpası istiqamətində xеyli işlər görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Naxçıvan həyatının bütün sahələri barədə dəyərli araşdırmalar aparılır. Alimlərimiz tərəfindən son illər Naxçıvan tarixi, mədəniyyəti beynəlxalq səviyyədə tədqiq olunur, dərindən, hərtərəfli, оbyеktiv araşdırılıb, öyrənilir və еlmi sübutlarla, еlmi əsaslarla təbliğ edilir. Mütəmadi olaraq tədqiqatçılarımız tərəfindən qədim Naxçıvanın zəngin tarixindən xəbər verən qədim yaşayış yerlərində aparılan tədqiqatlar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri barəsində sanballı kitablar, monoqrafiyalar və məqalələr yazılır, internet sayıtlarında aparılan tədqiqatlarla bağlı məlumatlar, fotoşəkillər yerləşdirilir.

Bu gün xalq nağıllarımızı, mahnılarımızı, bunlar azmış kimi milli mətbəximizə sahib çıxmağa cəht göstərən, milli-mənəvi irsimizi özünüküləşdirmək siyasətini davam etdirən ermənilərin növbəti tarixi yalanlarının biri də Naxçıvan ərazisində olan qəbirüstü xatirə abidələridir. Tarixi faktlar göstərsə də Naxçıvan Muxtar Respublika ərazisində ermənilərə məxsus heç bir tarixi abidə yoxdur, lakin ermənilər yenə də uydurma yalanlarından əlçəkmirlər.

АMEА Naxçıvan Bölməsinin Tаriх, Etnoqrаfiyа və Аrхeologiyа İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyevanın bu günlərdə çap etdirdiyi “Naxçıvan bölgəsinin xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidəsi kimi” adlı monoqrafiyası ermənilərin Azərbaycana ərazi iddialarını ifşa edən dəyərli əsər kimi çox qiymətli nəşrlərdən biridir.

Monoqrafiyada Naxçıvanda olan qayaüstü təsvirlərin, arxeoloji qazıntılar zamanı qəbirlərdən aşkarlanan maddi-mədəniyyət nümunələri, eyni zamanda orta əsr məzar daşları üzərində bədii təsvirlər elmi əsaslarla araşdırılır və zəngin faktlarla göstərilir ki, muxtar respublika ərazisində aparılan geniş tədqiqatlar bu bölgənin tarixinin məhz yerli etnik soy-kökə bağlılığını sübut etməkdədir. Naxçıvan ərazisində aşkarlanan beynalxalq ekspedisiya məlumatları, araşdırmalar, tədqiqatlar elmi şəkildə sübut edir ki, qazıntılar zamanı əldə olunan materiallar Azərbaycan türklərinə məxsusdur.

Geniş oxucu kütləsinə təqdim edilən 232 səhifədən ibarət olan yeni nəşr ön söz, giriş, üç fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı və fotoşəkillərdən ibarət albom öz əksini tapıb.

Monoqrafiyada Naxçıvan Muxtar Respublikası ərazisindəki orta əsrlərə aid qəbiristanlıqlarda zəmanəmizədək gəlib çıxan, bir qismi muzeylərdə mühafizə edilən qəbirüstü xatirə abidələri və onlar üzərindəki təsvirlər təhlil edilmiş, bu abidələrin hazırlandığı bədii daşyonma mərkəzləri, sənətkar sexləri haqqında məlumatlar verilmişdir. Bugünkü və gələcək nəsillərə qədim Naxçıvanın qəbirüstü xatirə abidələrinin mühüm məqamlarını geniş oxucu kütləsinə çatdıran və olduqca nəfis bir tərtibatda çap olunan yeni nəşrdə müəllif tərəfindən tədqiq olunan bölgələrdən toplanılmış zəngin çöl materialları ilə yanaşı müxtəlif vaxtlarda nəşr olunmuş ədəbiyyat və mətbuat materiallarından, Azərbaycan tədqiqatçıları ilə yanaşı türk alimlərinin tədqiqatları, habelə müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin qeydləri və əsərlərindən də istifadə olunmuşdur.

Müəllif tarixşünaslığımızın aktual problemlərindən biri olan qəbirüstü xatirə abidələri üzərində həkk edilən təsvirlərin dərindən tədqiqi, onların tarix və mədəniyyətimizin mənbəyi kimi öyrənilməsi ilə bağlı məlumatlar əldə edərək yeni nəşrə daxil etmişdir. O, tarixi-mədəniyyət abidələrimizi özünküləşdirməyə çalışan ermənilərin qoç və qoyun hekəllərimizi oğurlayaraq indiki Ermənistan ərazisinə aparmalarınından da bəhs edərək göstərir ki, “Qəbirüstü xatirə abidələri üzərində həkk edilən xalqımıza məxsus müxtəlif təsvirlər də Naxçıvan bölgəsinin qədim zamanlardan Azərbaycan xalqına məxsus olmasını sübut edən mühüm qaynaqlardır və bu qaynaqlar əhalinin maddi-mənəvi mədəniyyətini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatirə abidələrinin getdikcə daha çox sıradan çıxması, ermənilərin Naxçıvana ərazi iddialarının ifşası və bölgənin qədim zamanlardan Azərbaycan türklərinə məxsusluğunu obyektiv şəkildə sübut etmək və elmi ictimaiyyətə çatdırmaq baxımından xatirə abidələri üzərindəki müxtəlif təsvirlərin əvəzsiz qaynaqlardan olması onların öyrənilməsinin aktuallığını artırır.”

Yeni nəşrin “İslamda təsvir-rəsm və heykəl məsələsi” adlı ilk fəsildə adından da göründüyü kimi əsasən tədqiqat obyektində olan islamda rəsm, təsvir və heykələrlə bağlı məsələlərə toxunulmuş, qaranlıq məqamlara aydınlıq gətirilmiş, təsvir və rəsm əsərləri əhalinin mədəniyyət tarixini göstərdiyi elmi əsərdə tam dolğunluğu ilə öz əksini tapıb. Müəllim tərəfindən mövzu ilə bağlı islam dini meydana gəldiyi zaman və ondan sonrakı dövrlərə deyil, həmçinin islamdan əvvəlki dövrlərdə də təsviri sənətin insanların həyatında oynadığı roldan bəhs edilmişdir.

“Qədim insanların islam dini meydana gəlməmişdən əvvəlki dövrlərdə yaşadıqları ərazilərdə çoxlu sayda sənət əsərləri aşkar olunmuşdur ki, bu da demək olar ki, o dövr insanlarının bilavastə həyat tərzini, məşğuliyyətlərini, inamlarını özündə əks etdirir. Məsələn, köçəri türk tayfalarının həyat tərzi müəyyən ev heyvanları ilə sıx bağlı olmuşdur ki, buna görə də qədim türkərin sənət əsərlərində həmin heyvan təsvirləri əhəmiyyətli yer tutmuşdur”.

Naxçıvanda tarixi keçmişi özündə əks etdirən daş abidələri haqqında xeyli məlumat toplanılan monoqrafiyada region ərazisindəki bədii daşyonma sənəti nümunələri tarixinə də nəşrin “Naxçıvan ərazisi bədii daşyonma sənəti üzrə mərkəzlərdən biri kimi” adlı başlıqda nəzər salınır, onlar barəsində də ətraflı məlumat verilir.

II fəslin başlıca mövzusunu təşkil edən qəbirüstü xatirə abidələri, başdaşılar, sənduqələr, qoç, qoyun və at heykəlləri araşdırılaraq belə bir nəticəyə gəlinir ki, qəbirüstü xatirə abidələrinin qoyulmasında əsas amil, dəfn olunan insanların maddi və mənəvi dünyasını aydınlaşdırmaq, gələcək nəsillərə məlumatlar vermək olmuşdur. Bildirilir ki, “Naxçıvanda daş, qaya üzərində həkk edilən təsvirlərin tarixi Gəmiqaya abidələrindən başlayaraq sonrakı mərhələlərdə müxtəlif maddi-mədəniyyət nümunələrində təşəkkül tapmış və məzar daşları üzərində də davam etdirilmişdir”.

Naxçıvan ərazisində daşyonma sənətinin tarixindən, keçdiyi inkişaf yolundan, bədii daşyonma sənətinin ən qədim nümunələrindən bəhs edən müəllif Orta əsrlər dövrünə aid sənət ocaqları hesab edilən daş üzərində işləmə mərkəzlərindən də söhbət açır. Bu mərkəzlərin regionun ayrı-ayrı bölgələrində müxtəlif səviyyədə yayıldığını, tarixi-mədəniyyət abidələrinin zənginliyi cəhətdən Ordubad və Culfa rayonları diqqəti cəlb etdiyini bildirir və bu bölgələrin bir sıra yaşayış məskənlərinin qəbiristanlıqlarında qalan qəbirüstü xatirə abidələri ilə bağlı ümumi məlumat verir. Qəbirüstü xatirə abidələrindən bəhs olunaraq qeyd edilir ki, “məzarüstü xatirə abidələri olan başdaşları və sənduqə formalı qəbir abidələrindən fərqli olaraq qoç, qoyun şəkilli məzarüstü heykəllərin qoydurulması adəti türk xalqlarının həm də təsərrüfat həyatı ilə bağlıdır.” Onu da qeyd edək ki, sözügedən nərşdə məzarüstü xatirə abidələrinin rast gəlindiyi yerlər də göstirilmişdir.

Nəşrin III fəsilində xatirə abidələri üzərindəki təsvirlərin təsnifatı verilib. Bu fəsildə canlı təsvirləri (insan, heyvan, quş və sair), sənətkarlıqla bağlı təsvirlər, səma cisimləri ilə əlaqədar təsvirlər, hərb sənəti və ovçuluqla bağlı təsvirlər, nəbati və həndəsi ornamentlərdən söz açılır, hər biri ilə bağlı ayrı-ayrıliqda təhlillər aparılır.

Məlumat üçün qeyd edək ki, yazılmasında istifadə olunan abidələrin foto şəkilləri və qrafik təsvirlərin də yer aldığı monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi tarix elmləri doktoru, professor Fəxrəddin Səfərlidir.