“Xəbərlər” jurnalının 30-cu sayı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə bölmənin nəzdində fəaliyyət göstərən “Tusi” nəşriyyatında dərc olunan “Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.

Tanınmış alim və ziyalılarımızın müxtəlif sahələrdə uzun müddət apardıqları araşdırmalar, əldə etdikləri elmi-tədqiqat materialları nəticəsində ildə dörd dəfə işıq üzü görən və 306 səhifədən ibarət olan jurnalın növbəti 30-cu sayı ictimai və humanitar elmlər seriyasıdı.

Jurnalın Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Folklor və Ədəbiyyat, İncəsənət, İqtisadiyyat bölmələrində 42 müəllifin dərc olunmuş 40 yaxın irihəcimli elmi məqaləsi öz əksini tapıb.

Yeni sayda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru t.e.d., prof. Hacıfəxrəddin Səfərlinin, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmlər üzrə fəlsəfə doktoru Firudin Rzayevin və adlarını çəkmədiyimiz digər elm adamlarının biri-birindən maraqlı müxtəlif səpkili mövzularda yazdıqları orijinal elmi məqalələri toplanılıb.

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Məmməd Səid Ordubadinin şeir yaradıcılığı: dövrandan şikayətdən milli istiqlala”, “Araz vadisi ilkin şəhərin yarandığı mərkəzlərdən biri kimi”, “Ermənistan-Azərbaycan münaqişəsinin yaxın gələcəyi (təhlil və mülahizələri)”, “Mövlana və Əkmələddin Naxçıvani”, “Naxçıvanda qədim Hürrü boyları və onların dili (Naxçıvan oykonimləri əsasında)”, “Naxçıvan rəssamlarının portret yaradıcılığı (1950-1990)”, “Naxçıvanda teatrın formalaşması və inkişafında yerli ziyalıların rolu (1905-ci ilədək), “Naxçıvan Muxtar Respublikasının xarici ticarəti” və bir-birindən maraqlı mövzuları əhatə edən məqalələr öz əksini tapıb. Məqalələrdə külli miqdarda qaynaqlara və müxtəlif dövrlərdə yaşamış müəlliflərin əsərlərinə istinad edilib. Onu da qeyd edək ki, məqalələrin iki dildə-rus və ingilis dillərində xülasələri də dərc olunub. Hər bir müəllifin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadlar ədəbiyyat siyahısı da ənənəyə uğun olaraq jurnalda göstərilib.

“Xəbərlər” jurnalının növbəti “Yubileylər və Xatirələr” bölməsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, professor Cəbi Bəhramovun və Fərrux Rüstəmovun “Zəhməti və istedadı ilə ucalan alim” adlı məqalədə Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Məmmədovun pedaqoji və elmi-pedaqoji fəaliyyətinin üstün cəhətləri ətraflı işıqlandırılıb.