Akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə” adlı monoqrafiyası işıq üzü görüb.

 AMEA Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə” adlı monoqrafiyası bu günlərdə işıq üzü görərək geniş oxucu kütləsinin ixtiyarına verildi.

Ulu öndər Heydər Əliyev xalqın ən çətin günlərində ölkənin xilaskarı oldu. Bu danılmaz bir gerçəklikdir. Dahi öndərin misilsiz xidmətlərini sadalamaqla bitib-tükənməz. O, Azərbaycanın müstəqil qurucusu olaraq adını tarixə qızıl həriflərlə yazmış təkrarolunmaz bir liderdir. Bu gün Azərbaycan dövləti öz varlığını Heydər Əliyevə borcludur ki, bu da geniş əhatəliyi ilə sözügedən monoqrafiyanın başlıca mövzusunu təşkil edir.

Akademik yeni nəşrdə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqın böyük oğlu, tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Hеydər Əlirza оğlu Əliyеv haqqında fikir və mülahizələrini bölüşür. Monoqrafiyada Heydər Əliyevin dövlətçilik təlimi və onun tərkib hissələri önə çəkilir, dahi öndərin 34 illik siyasi və dövlətçilik fəaliyyəti işıqlandırılır.

Müəllif ulu öndər Heydər Əliyevin siyasi nüfuzundan, dövlətçilik təcrübəsindən, diplomatik bacarığından eyni zamanda Heydər Əliyev şəxsiyyətinin ucalığından, fövqəlada idarəçilik qabiliyyətindən söhbət açır, dünyanın görkəmli siyasətçilər və dövlət xadimləri arasında adı həmişə birincilər sırasında çəkildiyini göstərir. Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyininqorunub saxlanılmasında, möhkəmləndirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən böyük öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə qiymətli bir hədiyyə olan dəyərli nəşrin redaktoru A. A. Bakıxanov adına Tarix İnstitutunun „Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovdur.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə Naxçıvan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olduqca nəfis bir tərtibatda çap olunan monoqrafiyanın girişində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin „Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşılmalıdır” sözləri öz əksini tapır. Nəşrin ilk səhifələrində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 yanvar 2013-cü il tarixdə imzaladığı sərəncam əks olunub.

Azərbaycan xalqının ümummilli lidеri Heydər Əliyevin həyatı və çoxcəhətli siyasi fəaliyyəti zəngin materiallarla 296 səhifədə oxucusuna çatdıran yeni nəşrdə dahi öndərin şəxsiyyətinin böyüklüyünə, fenomen kefiyyətlərinə „Heydər Əliyev şəxsiyyəti və siyasəti”, „Heydər Əliyevin dövlətçilik təlimi”, „Heydər Əliyev: tarix və tarixi günlər”, „Heydər Əliyev və Naxçıvanın inkişaf stratergiyası”, „Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” adlı fəsillərdə nəzər salınır, onun ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir. Nəşrdə müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyətin-Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilərək vurğulanır ki, „Heydər Əliyev XX əsrin tarixi salnaməsini yaratmış, onun ideyaları Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil etmişdir. Bu dahi idatəetmə ustadının dövlətçilik təlimində elmin, təhsilin, mədəniyyətin, milli-mənəvi dəyərlərin özünəməxsus və əhəmiyyətli yeri vardır”.

„Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlı ilk fəsildə tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli liderə xalq məhəbbətindən, dövlət quruculuğunda tarixi şəxsiyyətin misilsiz xidmətlərindən, Heydər Əliyev böyüklüyünə, əlçatmazlığına hörmət hissi ilə, qibtə hissi ilə yüksək rəy bildirən dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, elm və incəsənət korifeylərinin yüksək fikirləri verilir. Eyni zamanda Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən, onun uzaqgörən daxili və xarici siyasətindən və bu siyasətin ölkəmizin nüfuzunu artırdığından, hərtərəfli inkişafına nail olunduğundan, müstəqilliyini əbədi və dönməz etməsindən söz açılır. Göstərilir ki, „Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun ümummilli liderini tanıyırsa, yüksək rəyini, fikirini deyirsə, bu özü böyük şərəfdir, şöhtətdir. Biz azərbaycanlılar üçün fəxrdir ki, bir sıra dövlət və siyasət adamları onu özlərinin müəllimi hesab edir, yüksək qiymətləndirirlər… Ulu öndərimiz bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır”. Qeyd olunur ki, „kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti nəticəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir”.

Yox olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəni var edən, müstəqilliyini əbədiləşdirən, millətin xilaskarına çevrilən və müxtəlif illərdə yaşayan iki tarixi şəxsiyyətin – Mustafa Kamal Atatürk və Heydər Əliyevin həm həyatının, həm fəaliyyətlərinin, həm də tarixi misyalarının oxşar cəhətlərindən „Mustafa Kamal Atatürk və Heydər Əliyev: tarixi missiyalarda oxşarlıq” adlı ayrıca yazıda geniş danışılır. Burada qeyd olunur ki, „„Bir millət iki dövlət” olan Türkiyə-Azərbaycan dövlətləri və xalqları Mustafa Kamal Atatürk – Heydər Əliyev ideyaları əsasında yaşayır və fəaliyyət göstərir”.

Azərbaycan aliminə, ziyalısına, təhsilinə, elminə Heydər Əliyev qayğısı, onun tarixi-mədəni, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahələrinə göstərdiyi xüsusi diqqət və qayğı „Heydər Əliyevin dövlətçilik təlimi” fəslində xüsusi qeyd edilir.

Üçüncü fəsil „Heydər Əliyev: tarix və tarixi günlər”ə həsr olunub. Bu fəsildə Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsindən, xalqımızın xilas günü olan 15 iyun Milli Qurtuluş gününün yaranma tarixindən, 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsindən ətraflı danışılır.

„Heydər Əliyev və Naxçıvanın inkişaf stratergiyası” adlı IV fəsildə Heydər Əliyevin Naxçıvanla bağlı fikir və mülahizələri geniş bir şəkildə öz əksini tapıb. Belə ki, ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti, Naxçıvanın qorunub saxlanmasında dahi öndərin tarixi xidmətləri işıqlandırılır. XX əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərindən bəhs edən müəllif Naxçıvanın o dövürdəki çətin və mürəkkəb vəziyyətinə ətraflı nəzər salır. Zəngin faktlarla göstərilir ki, blokada vəziyyətinə düşən muxtar respublika ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində qorunub saxlanıldı, inkişaf etdirildi və ictimai-siyasi həyatın sabitliyi təmin olundu. Konkret faktlara əsaslanaraq göstərilir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanı gözlənilən bəlalardan xilas etdi. Həyatı boyu böyük amallar uğrunda mübarizə aparan, bütün sahələrin böyük qayğıkeşi olan və Vətənin tərəqqisi naminə tarixi xidmətlər göstərən ulu öndər Heydər Əliyev Naxçıvanı təkcə düşdüyü bəlalardan xilas etmədi, ulu öndərin həyata keçirdiyi tədbirlər muxtar respublikanın bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarını yaratdı. Eyni zamanda bu fəsildə Naxçıvanın elmi mühiti ilə bağlı fikir və mühafizələrini söyləmiş tədqiqatçıları bu sahəyə istiqamətləndirmiş ümummilli lider Heydər Əliyevin elmimizin inkişafı üçün müxtəlif illərdə qəbul etdiyi qanun və qərarların əhəmiyyətindən, böyük öndərin tarixi sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasından, onun maddi-texniki bazasının gücləndirilməsindən xüsusi ilə bəhs edilir.

„Ulu öndər Heydər Əliyev tarix yazmamışdır, o tarix yaratmışdır. Onun tarix konsepsiyası bütövlükdə ölkənin əldə olunan uğurlarına və gələcək inkişafına hesablanmışdır”, deyən akademik Heydər Əliyevin Naxçıvana, onun qədim tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə mühüm əhəmiyyət verməsindən və tariximizdə bunların rolunun düzgün qiymətləndirilməsinə çox böyük diqqət yetirilməsini “Heydər Əliyev və Naxçıvan”, “Heydər Əliyev və Naxçıvanın tarixi məsələləri”, “Heydər Əliyev və Naxçıvan da elmin inkişafı”, “Heydər Əliyev və Naxçıvanın görkəmli yetirmələri” başlıqlı yazıəlarda təhlil edir.

„Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” adlı fəsildə isə Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə Heydər Əliyev siyasətinin yaşadığı və uğurla davam etdirildiyi xüsusilə qeyd olunur.

Akademik İsmayıl Hacıyevin tarixşünaslığımızda özünəməxsus yeri olan “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə” adlı monoqrafiyası şübhəsiz ki, hər bir kəsin dərin marağına səbəb olub stolüstü kitabına çevirəcək, ümummilli lider Heydər Əliyevin 34 illik siyasi və dövlətçilik fəaliyyətini daha dərindən öyrənmək istəyənləri sevindirəcəkdir.