“Naxçıvan Muxtar Respublikasının gilas və albalı genofondu” adlı monoqrafiya işıq üzü görüb.

 AMEA Naxçıvan Bölməsinin Elmi-təşkilat şöbəsinin rəisi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırovun və bölmənin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun “Naxçıvan Muxtar Respublikasının gilas və albalı genofondu” monoqrafiyası çapdan çıxmışdır.

Fundamental tədqiqat əsəri olan monoqrafiya Naxçıvan Muxtar Respublikasının flora müxtəlifliyində Albalı-Cerasus Milli cinsinə daxil olan gilas və albalı bitkiləri özünün xüsusi çəkisi və əhəmiyyətinin öyrənilməsində önəmli yer tutur. Müəlliflər “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”  ölkə Prezidentinin Fərmanlarını və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin ““2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamın mətnlərini də nəşrə daxil etmişlər.

Yeni nəşrin “Gilas və albalı bitkiləri haqqında ümumi məlumat”, “Gilas və albalı bitkilərinin sistematikası və öyrənilməsi”, “Tədqiqatın material və metodikası”, “Naxçıvan Muxtar Respublikasının yerli gilas və albalı sortları”, “Sort və formaların biomorfoloji xüsusiyyətləri”, “Pomoloji qruplaşdırma”, “Xəstəlik və zərərvericilər”, “İqtisadi səmərəlilik” adlı bölmələrində bölgədəki mövcud olan gilas və albalının növ, sort və formalarının bioloji xüsusiyyətləri tam şəkildə araşdırılır. Tədqiqatlar nəticəsində muxtar respublika ərazisində mövcud olan gilas və albalı bitkilərinin mövcud yabanı növləri müəyyənləşdirilmiş, ilk dəfə olaraq bölgədə gilasın becərilən 26 sortu və 37 forması, albalının isə 12 sortu və 12 forması dəqiqləşdirilmiş, aşkar edilmiş sort və formalarının pomoloji və təsərrüfat xüsusiyyətləri öyrənilmiş, habelə başlıca xəstəliktörədiciləri, ziyanvericiləri müəyyənləşdirilmiş, eyni zamanda iqtisadi səmərəliyi hesablanmış və yeyinti sənayesi obyektlərində istifadə edilməsi üçün təkliflər hazırlanmışdır.

180 səhifəni əhatə edən monoqrafiyadan Azərbaycanda meyvəçiliyin elmi-nəzəri və təcrübi problemləri üzrə tədqiqat aparan alimlər, mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri faydalana bilərlər. Eyni zamanda sözügedən nəşrdən ali və orta məktəblər üçün dərsliklərin, metodik vəsaitlərin, meyvəçiliyə dair yeni nəşrlərin hazırlanmasında da istifadə etmək olar.