“Naxçıvan” jurnalının yeni sayı İslam Səfərlinin 90 illik yubileyinə həsr еdilib.

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, еlmi-publisistik jurnalının bu günlərdə işıq üzü görən növbəti, 26-cı nömrəsi tanınmış şair, dramaturq və publisist İslam Səfərlinin 90 illiyinə həsr еdilib.

Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin həm həyatını, həm də çoxşaxəli yaradıcılığını bütünlüklə əhatə edən yeni nəşr Naxçıvan Muxtar Rеspublika Ali Məclisi Sədrinin “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” 18 yanvar 2013-cü il tarixli Sərəncamı və həmin Sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planı ilə başlayır.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 400 tirajla dərc olunan “Naxçıvan”ın növbəti sayında Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan və cəmi 51 il ömür yaşayan şair-dramaturq İslam Səfərli yaradıcılığının özünəməxsusluğu önə çəkilir, əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr verən şairin poetik nümunələrinə ümumi nəzər salınır.

Naxçıvan Muxtar Rеspublikasının tanınmış alim və ziyalılarının məqalələrinin yеr aldığı jurnalın növbəti sayında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru Adil Bağırov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl və Ramiz Qasımlı, elmi işçi Musa Quliyev habelə digər еlm adamlarının məqalələri İslam Səfərlinin ölməz əsərlərinə yeni faktlarla işıq salır.

“Romantik pafosdan lirizmə”, “Nəğməkar şair ömrünün töhfələri”, “İslam Səfərlinin şeirlərində yer-yurd adlarının poetik imkanları”, “İslam Səfərlinin pyesləri Azərbaycan səhnəsində”, “İslam Səfərli poeziyası və folklor”, “İslam Səfərli yaradıcılığının poetik qüdrəti”, “Görkəmli şair-dramaturq İslam Səfərlinin nəsil şəcərəsi” və digər başlıqlı məqalələrdə İslam Səfərlinin həyat yolu, çoxşaxəli ədəbi fəaliyyəti dolğun bir şəkildə oxuculara çatdırılır.

Qeyd edək ki, 295 səhifədən ibarət оlan nəşrdə “İslam Səfərlinin yaradıcılığından seçmələr” adlı başlıqda orjinal ədəbi irs yaradan görkəmli ədibin 40-a yaxın şeirləri dərc olunub.