Görkəmli sərkərdənin 120 illik yubileyi ilə əlaqədar elmi konfrans

Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. O, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verib. Böyük sərkərdənin ölkədə yüksəkixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalan və totalitarizmin qurbanına çevrilən vətənpərvər şəxsiyyətlərdəndir.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfransda səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində AMEA Naxçıvan Bölməsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Elmi konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “General-mayor Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti (1895-1917-ci illər)”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Ümummilli lider Heydər Əliyev və Cəmşid Naxçıvanski”, institutun şöbə müdiri İlhami Əliyevin “Cəmşid Naxçıvanskinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti və erməni daşnaklarına qarşı mübarizəsi”, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Cəmşid Naxçıvanskinin sovet hakimiyyəti illərində ordu quruculuğu və hərbi kadrların hazırlanması sahəsində fəaliyyəti” mövzularında məruzələri olub.

Məruzələrdə qeyd edilib ki, unudulmaz sərkərdə Cəmşid Naxçıvanski yunkerlikdən sərkərdəyədək yüksəlib. Arxiv sənədlərindən, müasirlərinin xatirələrindən məlum olur ki, o, zəngin və maraqlı həyat yolu keçib. Xan əsilli sərkərdə ulu babalarının və atasının döyüş yolunu zəfərlərlə, özünəməxsus istedad və bacarıqla davam etdirib. Axtarışlar zamanı məlum olub ki, onun haqqında Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, əsasən 1970-ci ildən sonra məqalələr yazılıb. 1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyevin Cəmşid Naxçıvanskinin adının unudulmaması üçün atdığı qəti, ciddi addımlar nəticəsində qəhrəman sərkərdə haqqında elmi və elmi-publisistik məqalələr işıq üzü görməyə başlayıb. Ümummilli liderimiz Heydər Əliyev hələ 1970-ci ilin avqustunda “Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında” qərar verib. Bu qərara əsasən, generalın vətəni Naxçıvanda ev-muzeyi yaradılıb. Qərarda yeni yaradılacaq respublika hərbi təmayüllü məktəbə Cəmşid Naxçıvanskinin adının verilməsi barədə bənd də olub. O dövrdə bu, böyük cəsarət nümunəsi, millətin tarixi şəxsiyyətinin layiq olduğu səviyyədə bəraəti yolunda atılan dəyərli addım, həm də Ümummilli Liderimizin məxsus olduğu millətin sərkərdələr sülaləsinə böyük töhfəsi idi

                                    Nərgiz İSMAYILOVA